UEFA Çempionlar Liqasının 1/8 finalında “Çelsi” “Atletiko”nu qəbul edəcək. Bu komandalar arasında ilk oyun İngiltərə təmsilçisinin minimal hesablı qələbəsilə yekunlaşıb. İngiltərə Premyer Liqasında 51 xalla 4-cü pillədə qərarlaşan “zadəganlar” Çempionlar Liqasında fəxri mükafata iddialıdırlar. La Liqanın lideri “Atletiko” turnirin qalibi olmaq üçün əvvəlcə “Çelsi” səddini aşmalıdır. İspaniya təmsilçisi görüşə optimal heyətlə çıxacaq. Meydan sahiblərindən isə Temi Abraham, Jorjinyo, Meyson Maunt və Tyaqo Silva oyunu kənardan izləyəcək. Buna baxmayaraq “Çelsi”nin baş məşqçisi Tomas Tuhel görüşə tam hazır olduqlarını bildirib:  “İlk oyunda üstünlük əldə etmişik. Bunu qorumaq üçün əlimizdən gələni edəcəyik. Yalnız müdafiə futbolu oynayacağımızı düşünənlər yanılırlar. Qələbə üçün meydanın hər qarışı uğrunda mübarizə aparacağıq”.

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone qalib gəlmək üçün mübarizə aparacaqlarını bildirib: “Əksəriyyət bizim təslim olduğumuzu düşünür. Lakin, onlar yanılırlar. Bu dəfə meydana daha istəkli çıxacağıq. Görüşə tam hazırıq. Rəqib çox güclü olsa da, məğlubedilməz deyil. Zəif cəhətlərindən maksimum yararlanmalıyıq. Ümid edirəm, qələbə bizim olar”.

 

Qeyd edək ki, “Çelsi” – “Atletiko” görüşünün start fiti gecə yarısı veriləcək.